Azərbaycanda meymunçiçəyi ilə bağlı vəziyyət açıqlandı

“Azərbaycanda meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir. Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur.

“Azərbaycanda hələlik meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”, - deyə o qeyd edib.

Teymur Musayev əlavə edib ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır: 

“Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək”.

Nazir həmçinin əlavə edib ki, Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ