Azərbaycanda COVID-19-a yoluxanların sayı niyə artır? - Nazir açıqladı

“Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır”.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: 

“Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”.

Teymur Musayev həmçinin bildirib ki, Azərbaycanda risk qrupuna aid edilən şəxslərin 90 faizi artıq koronavirusa qarşı peyvənd vurdurub.

O qeyd edib ki, həmin şəxslər hətta buster dozanı da qəbul ediblər: 

“Sevindirici haldır ki, vətəndaşlarımızın məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74 % təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir.

Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək pandemiyanın sonu barədə nə isə danışa bilərik. Hələ ki tezdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ