Xəbər verdiyimiz kimi, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var. Belə ki, bir sıra media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir.
“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb. Qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir:
“Bu, tamamilə şayiədir. Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər? Bu, ən pis halda intihar həddinə çatdırmadır. Ən yaxşı halda isə öldürülüb sonradan atılmadır. Hər şey istintaqdan və ekspertizadan sonra üzə çıxacaq. Biz bilirik ki, Xalidənin üzərində xəsarətlər olub. Sadəcə rəsmi nəticəni gözləmək lazımdır”.
E.Vəliyevin sözlərinə görə, Xalidə Kəngərli boşanma ərəfəsində imiş: “Ailənin münaqişəsi var idi, boşanma ərəfəsində idilər. Xalidəyə qarşı şəxsi və ailəvi təzyiqlər olurdu. Ailədə münaqişənin və təzyiqlərin olduğunu təsdiq edən foto və videofaktlar istintaqa təqdim olunacaq. Həyat yoldaşı Xalidəyə qarşı fiziki zorakılıq tətbiq edib. Rəsmi ekspertizanın rəyi gələndən sonra ətraflı açıqlama verəcəyik”.
Qardaşı bildirir ki, bir ay əvvəl Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış. Buna səbəb evdəki söz-söhbətlərin dözülməz həddə çatması olub. Lakin sonradan ər-arvad barışıb və Xalidə Kəngərli evə qayıdıb.
Qeyd edək ki, X.Kəngərlinin həyat yoldaşı Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.