Bakının mərkəzində güclü yanğın – VİDEO

Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Bununla bağlı FHN məlumat yayıb. 

Bildirilib ki, havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət iki ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100 kvadratmetr sahəyə yığılmış tikinti materialları, bir ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes 200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb. 

Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.

00:53

Paytaxtın Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Hadisə Mirzəağa Əliyev və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən yarımtikilidə qeydə alınıb. 

Yanğın yarımtikilinin yanında olan dayanacaqda dayanan avtomobillərə də keçib. Nəticədə iki avtomobil tamamən yarasız vəziyyətə düşüb. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ