Əlilliklə bağlı imtina alan hərbçilərə xoş xəbər - Bu tarixdən qüvvəyə minir

Hərbçilərin əlillik təyinatı fərqlidir. Əlillik təyinatında qazilərlə mülki şəxslərin fərqləndirilməsi diaqnoza görə aparılmır. Onların fərqləndirilməsi əlilliyin səbəbinə görə aparılır. Məsələn, ikinci dərəcə ümumi səbəbdən əliliyi olan şəxsə sadəcə müavinət verilirsə, hərbi səbəbdən əlil olanlar isə prezident təqaüdü, minik avtomobili, pulsuz evlərin təqdim edilməsi, birdəfəlik sığorta haqqı və s. alırlar. Bir çox imtiyazlar var ki, bunlar mülki şəxslərə tətbiq edilmir. 

Buta.media-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Qafqazinfo”ya müsahibəsində deyib.

“Bizdə olan işçi qaydada əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyi tərəfindən 5000-dən çox şəxsə şəhadətnamə verilib. Onlardan 3100 nəfərdən çoxuna - 60 faizinə əlillik təyinatı aparılıb. Müdafiə Nazirliyi kimlərə şəhadətnamə veribsə, əksər hissəsinə əlillik təyinatı verilib. Əlillik təyinatına imtina verilmiş qazilərimizin də məsələləri araşdırılır, yeni meyarlarla onların da məsələsinə baxılacaq. Biz Vətən müharibəsi iştirakçılarına bu hüququn təyininə çalışırıq”, - deyə Sabir Qocayev bildirib.

O əlavə edib ki, Vətən müharibəsi qazilərinə münasibətdə əlillik təyinatı ilə bağlı iş preventiv aparılacaq: 

“Çünki bizim imtina almış qazilərimizin siyahısı bazamızda var. Kimlərin hüququ çatırsa, onları dəvət edəcəyik. İmtina alan vətəndaşlarımız da yenidən müraciət edə bilər və biz yeni meyarlarla dəyərləndirmə apara bilərik”.

Şöbə müdiri qeyd edib ki, yeni meyarlarda 2 və daha artıq əlilliyə əsas verən hallar olduqda onlar birləşdirilərək daha üstün əlillik dərəcəsi təyin ediləcək. 

“Bəzən indiki halda insanın bir amputasiyası varsa və bir də gözünü itiribsə, qanunvericilik imkan vermir ki, biz bu ikisini birləşdirərək daha yüksək dərəcə verək. Bəzi hallarda əgər amputasiya müddətsiz əlilliyə imkan verirdisə, ona digər daha yüksək dərəcə ilə müddətli əlillik verirdilər. Bundan sonra sadalanan problemlər aradan qalxacaq. Biz elektron informasiya sistemində həm də avtomatlaşdırma ilə bağlı da işlər aparırıq ki, həkimlərin də subyektiv yanaşması olmasın. İstənilən halda geridönməz proseslər müddətsiz olmalıdır. 

Terror səbəbi ilə əlilliyi olanlar – bu da yeni bir səbəbdir. Əvvəllər heç kimə bu səbəbdən əlillik verilməyib. Bu səbəb bir il əvvəl Nazirlər Kabinetinin qərarı ilə siyahıya salınıb. Məqsəd o idi ki, Gəncədə və ya digər şəhərdə terror nəticəsində xəsarət alan insanlara əlillik verildikdə ümumi səbəbdən deyil, terror səbəbi göstərilsin. Beləliklə, biz həm də terror nəticəsində nə qədər insanın əlil olduğunu biləcəyik və onlara ünvanlı xidmət göstərmiş olacağıq”, - deyə o yekunlaşdırıb.

Qeyd edək ki, gələn aydan Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ