Məktəb direktorunun Dubay macərası

Məlum olduğu kimi, bir neçə gün əvvəl Gəncədə İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Direktorun 14 ədəd həb içərək intihara cəhd etdiyi bildirilirdi. M.Qarayeva dərhal xəstəxanaya çatdırılmış və ona ilkin tibbi yardım göstərilmişdi.

Uşaqları kiçik yaşlarından şəxsiyyət kimi yetişdirən, onları həyatın çətinliklərinə hazırlayan təhsil müəssisəsinin rəhbəri hansı səbəbdən belə addım ata bilər? Məktəb direktorunu intihara nə məcbur edib?

Bu suallarla bağlı araşdırma apardıq.

Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ona xəbərdarlıq olunub. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan “Qafqazinfo”ya ölkədə olmadığı halda adı məktəbdə gedən müəllimin olduğunu təsdiqlədilər.

Bildirilib ki, İdarənin əməkdaşları tərəfindən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib:

“Aidiyyəti orqanlar tərəfindən təqdim edilən sorğunun cavabında məlum olub ki, məktəbin sabiq ingilis dili müəlliminin ötən il dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana gəlməsi, bu il yanvarın 10-da isə Dubay şəhərinə getməsi faktı öz əksini tapıb.

Belə olduğu təqdirdə həmin müəllimin müəyyənləşdirilmiş müddət ərzində hesabına qanunsuz olaraq əməkhaqqı köçürülməsi faktı təsdiqini tapmış olur”.

İdarədən həmçinin bildirilib ki, qeyd olunanları nəzərə alaraq həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib:

“Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.

T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olması müəyyən edilib.

Qeyd edək ki, siniflər üzrə müvafiq jurnallara nəzarət, dərslərin cədvəl üzrə fənn müəllimləri tərəfindən tədris edilməsi, ümumillikdə tədris prosesinə nəzarətin həyata keçirilməsi təlim-tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyasına aiddir. Əgər bir müəllim işdə olmursa, direktor müavinin ona göz yumması cinayət tərkibi yaradır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir”.

Mövzu ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevlə əlaqə saxladıq.

O, məktəb direktoruna təzyiqlərlə bağlı deyilənləri təkzib etdi.

Bildirdi ki, M. Qarayevaya işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq olunub, lakin o xəbərdarlığa məhəl qoymayıb.

Direktorun yerinə başqa təyinata gəlincə, A. Qədiməliyev bildirib ki, idarə tərəfindən məktəbə direktor təyinatı həyata keçirilmir:

“Məktəb direktoru kimi çalışmaq üçün imtahan vermək və müsahibədən keçmək lazımdır. Bu isə təhsil idarəsinin səlahiyyətində olan məsələ deyil”.

Qeyd edək ki, Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəb şəhərin ən qədim təhsil ocaqlarındandır. Əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulan məktəbdə müxtəlif zamanlarda tanınmış ziyalılar təhsil alıb və çalışıblar.

1992-ci ildən isə məktəbə bir vaxtlar orada təhsil almış sabiq baş prokuror İsmət Qayıbovun adı verilib. Mindən çox şagirdin təhsil aldığı sözügedən təhsil müəssisəsinə 2011-ci ildən isə Mətanət Qarayeva rəhbərlik edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ