Prezident Laçın aeroportunda - Fotolar

Dünən Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub.

Dövlət başçısına hava limanında görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Qeyd olunub ki, aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.

Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ