İlham Əliyevin Özbəkistana səfəri - DETALLAR + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

Buta.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.

16:24

İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

Buta.media xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

13:25

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

Buta.media xəbər verir ki, İçan-Qala barədə dövlətimizin başçısına məlumat verilib.

Bildirildi ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edildi ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.

Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.

11:15

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

10:25

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Daşkənddən Ürgənc şəhərinə yola düşüb.

Buta.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.

21.06.2022 21:15

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Kuksaroy” dövlət iqamətgahında Fəxri qonaqlar xiyabanında ağac əkiblər.

21:15

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olublar.

21:10

İyunun 21-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

17:17

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.

Buta.media xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

17:16

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü olub.

Buta.media xəbər verir ki, dövlət başçıları əvvəlcə birgə foto çəkdirdilər.

14:20

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Buta.media xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslər çıxış ediblər.

Dövlət başçıları memorial kompleksin açılışını ediblər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoyublar.

14:16

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Buta.media xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verildi ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündəki abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib. Bu abidədə Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.

14:14

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Buta.media xəbər verir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyeva təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

12:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

Buta.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ