Litva Kalininqradı blokadaya saldı - Rusiya onu hədələdi

İyunun 18-də Litva Avropa sanksiyalarına məruz qalan malların Kalininqrad vilayətinə öz ərazisindən dəmir yolu tranzitinə qadağa qoyub. 

Qadağa kömür, metallar, sement, ağac, tikinti materialları və yüksək texnologiya məhsullarına şamil edilib. Avqust ayında neft məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq oluna bilər. 

Kalininqrad vilayətinin qubernatoru Anton Alixanovun sözlərinə görə, ümumilikdə bütün yüklərin 40-50%-nə qadağa altına düşüb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis məhdudiyyətlərin Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra və onun rəhbərliyi altında tətbiq edildiyini bildirib. 

“Hazırda biz Avropa Komissiyasından Avropanın sanksiyalar rejiminin Kalininqrad kommersiya tranzitinə tətbiqi ilə bağlı açıqlamalar gözləyirik”, - xarici işlər nazirinin müavini Mantas Adomenas deyib.

Alixanov Litvanın hərəkətlərini qanunsuz adlandırıb və tətbiq edilən məhdudiyyətlərlə bağlı Avropa Komissiyasından açıqlama istəyəcəyini bildirib.

“Biz hesab edirik ki, bu, Baltikyanı ölkələrin Aİ-yə qoşulması ilə bağlı protokolların və Kalininqrad vilayətinə pulsuz tranzit ilə bağlı qaydaların kobud şəkildə pozulmasıdır. Bu, Aİ və Baltikyanı ölkələrin öhdəliyi idi. Bu həm də humanitar məsələdir, regionumuzu iqtisadi cəhətdən boğmaq cəhdidir”, - qubernator bildirib.

Tranzitin məhdudlaşdırılması ilə əlaqədar iyunun 20-də Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona “sərt etiraz” verilib. Rusiya Xarici İşlər Nazirliyi Litvanın hərəkətlərini “təxribat” və “açıq-aşkar düşmənçilik” adlandırıb.

Əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Virciniya Umbraseneyə Rusiyadan mümkün cavab tədbirləri ilə bağlı xəbərdarlıq edilib.

“Biz regionumuzun blokadaya düşməsinin qarşısını almaq üçün kifayət qədər qətiyyətli tədbirlər görmək imkanını özümüzdə saxlayırıq <…> Söhbət, mənim başa düşdüyüm kimi, sərt idi”, - Karasin bildirib. O, Rusiyanın hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Litvanın qərarını pisləyib. “Əlbəttə, bu blokadanın elementidir. Vəziyyət ciddidir. Hər hansı tədbir və qərar qəbul etməzdən əvvəl çox dərin təhlil tələb edir”, - Peskov deyib.

Senator Andrey Klişas öz Teleqram kanalında yazıb ki, “Litvanın Kalininqrad vilayətini de-fakto blokadaya salmaq cəhdi Rusiyanın bu region üzərində suverenliyinin pozulmasıdır və Rusiya tərəfindən çox sərt və tamamilə qanuni addımlar atmaq üçün əsas ola bilər”.

“Avropa İttifaqı Vilnüsün həyasız hiyləsini dərhal düzəltməsə, Litvanın yaratdığı Kalininqrad tranziti problemini istənilən yolla həll etmək üçün əllərimizi açacağıq”, - Federasiya Şurasının Suverenliyin Müdafiəsi Komissiyasının rəhbəri Andrey Klimov deyib.

Alixanov hesab edir ki, dəmir yolu tranzitinin məhdudlaşdırılması hava daşımalarının və Ust-Luqa-Baltiysk marşrutu üzrə bərələrin sayının artırılmasının köməyi ilə kompensasiya edilə bilər. 

Ukraynada müharibə başlayandan sonra Litva hökuməti bütün Avropa ölkələrindən Rusiyaya qarşı ən sərt mövqelərdən birini tutdu. Litva öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub və Rusiya qazından tamamilə imtina etdiyini elan edən ilk Aİ ölkəsi olub. May ayında Litva Seymi Rusiyanı “terrorçu dövlət” elan edən qətnamə qəbul edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ