Məhəmməd Əmin Rəsulzadənin nadir görüntüləri yayıldı - VİDEO

Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əhməd Pepinov və Azərbaycanın digər görkəmli siyasətçilərinin görüntülərini əks etdirən rənglənmiş tarixi video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə 1918-ci il 20 mart tarixində Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətləri əks olunub.

Fırat Gökdemir adlı şəxs tərəfindən rənglənən videonun bir il əvvəl yutuba yerləşdirilməsinə baxmayaraq, sosial şəbəkələrdə indi yayılmağa başlayır. İstifadəçilər tərəfindən sürətlə yayılan video Rəsulzadənin nadir görüntüləri kimi qiymətləndirilir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun bu video çəkilən zaman 34 yaşı olub. 

Qeyd edək ki, görüntülərdə Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, İbrahim bəy Heydərov, Məmməd Həsən Hacınski, Heydər bəy Abaşidze Akaki Çxenkeli, Georgi Qvazava, Rusudan Mikeladze, Georgi Lasxişvili, Aleksandr Xatisyan, Rauf (Orbay) bəy, Tevfik (Sağlam) bəy və başqaları yer alıb.

Xatırladaq ki, Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib. Açılış iclası 14 mart 1918-ci ildə baş tutub. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ