Bakıda məktəbli düşərgələrinin qiyməti əl yandırır - Müəllimlər də narazıdırlar

Artıq tədris ili sona çatıb. Təbii ki, hər bir valideyn istəyir ki, övladı yay tətilində vaxtını səmərəli keçirsin. Bunun üçün övladlarını yay düşərgələrinə yollamaq istəyənlər də az deyil. Lakin qiymətlər heç də hər kəsin büdcəsinə uyğun deyil. 

Oxu.Az yay düşərgəsi təşkil edən bir neçə məktəblə əlaqə saxlayıb. Məlum oldu ki, məktəblər şəhərdən kənardakı istirahət mərkəzlərində otaqlar kirayələyir və uşaqlar orada dincəlirlər.

Məktəblərin birindən bildirilib ki, bir şagirdin Bakı ərazisində altı gün beş gecə yay düşərgəsinə qatılması üçün valideyn 600-700 manat pul ödəməlidir.

Digər məktəbdən isə qeyd ediblər ki, düşərgə həftə içi hər gün 09:00-18:00 arası keçirilir. Düşərgənin bir növbəsi beş gün davam edir. Bir növbə üçün 299 manat, iki növbə üçün 549 manat, dörd növbə üçün isə 1099 manatdır. Düşərgəyə 6-15 yaşlı uşaqlar qəbul olunurlar.

Bir ailədən iki uşaq düşərgədə iştirak edən zaman qiymətə 10 faiz endirim edilir.

Deputat Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, bu gün şagirdlərin yay tətilində vaxtlarının səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır:

“Sovet Sosialist Respublikaları İttifaqı dövründə yay düşərgələri var idi. Hazırda isə bu düşərgələr yoxdur, olsa da, kütləvi təşkil edilmir. Hesab edirəm ki, şagirdlərin vaxtlarını səmərəli keçirmək, bilik və bacarıqlarını artırmaq üçün yay düşərgələrinin təşkili önəmlidir.

Əksər valideynlərin bir qayğısı var ki, uşaqları yay aylarında tətillərini səmərəli keçirə bilmirlər, zərərli təsirlərə məruz qalırlar. Bu baxımdan gənclərin vaxtlarının təşkili önəm və əhəmiyyət daşıyır. Bu gün bu məsələyə baxılmalı və gələcəkdə bu istiqamətdə müəyyən addımlar atılmalıdır”.

Qeyd edək ki, ötən ildən məktəblərdə iki həftəlik “Yay məktəbi” təşkil edildi. Məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi idi.

Bu il də “Yay məktəbi” təşkil ediləcək. Birinci sinifdən başlayaraq 10-cu sinfə qədər hər kəs qatıla bilər. İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş aldıqları üçün əlavə ödəniş nəzərdə tutulmur.

Əlavə ödənişin olmadığı üçün müəllimlər də “Yay məktəbi”nin təşkilindən narazıdırlar. 

Saytımıza danışan müəllimlərdən biri bildirdi ki, isti yay günündə əlavə dərslərin keçirilməsi çətindir:

“İl ərzində uşaqlarla məşğul oluruq. Yenidən “Yay məktəbi”ndə onlarla işləmək çətindir. Hava isti olur, onlar məktəbdə olmaq istəmirlər. Dərslər arasında fasilələr olanda da uşaqları yenidən dərs üçün bir yerə yığa bilmirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ