Ağstafa rayonunda qonşular arasında dava baş verib.
Buta.media-nın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində baş verib.
Belə ki, iki qonşu arasında davaya səbəb qəsəbə sakinlərindən biri Nazilə Hüseynovanın yüksək səslə musiqiyə qulaq asması olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 7-də Ağstafa rayon Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülmələri barədə müraciət ediblər:
“Eyni zamanda, müraciət edən şəxslərin qonşuları Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri, təhqir olunmaları barədə məlumat veriblər.
Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə, hadisəyə N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub. Hazırda araşdırmalar davam etdirilir”.