Səhiyyə Nazirliyi Azərbaycanda meymunçiçəyinə yoluxma faktının olduğuna şübhə yaradan şəkilə münasibət bildirib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib. Xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər. Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.
Gürcüstanda meymunçiçəyinə ilk yoluxma faktı laboratoriyada təsdiqlənib. Bu barədə Sputnik Gürcüstan ölkənin Birinci Kanalına istinadən xəbər yayıb.
Xəstəlik bir nəfər Avropadan qayıtdıqdan sonra müəyyən edilib. Mütəxəssislər xəstənin təmasda olduğu hər kəsə nəzarət edirlər, lakin heç bir halda klinik əlamətlər aşkar edilməyib.