Şamaxıda uşağa zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırıldı - VİDEO

Şamaxı şəhər 3 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən Dağlıq Şirvan Regional Təhsil idarəsi tərəfindən müvafiq araşdırma aparılıb. 

Bu barədə Buta.media-ya idarədən məlumat verilib. 

Araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb. İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib. Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. 

Bağça müdiri tərəfindən aşpazın izahatı alınıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib. 

G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ