Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
H.Akar 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin, eləcə də birgə təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.