Sosial şəbəkələrdə şəhid anasınsa məxsus tikilinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Buna cavab olaraq, Sabunçu rayon icra başçısı Adil Vəliyev açıqlama verərək, həmin ərazidə qeyri-yaşayış obyekti tikildiyini və şəhid anasına Ramana qəsəbəsində daha əvvəl mənzil verildiyini bildirib.
Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan şəhid anası Mehriban Abdurahmanlı həmin açıqlamadan narazı qaldığını deyib:
“Onlar deyirlər ki, Mehriban anaya bu tikilini tikmək üçün 1000 manat pul verilib. Mənim üstümə böhtan atılıb. Heç kim mənə pul verməyib. Mən oğlumun pulu ilə, qəpik-qəpik yığıb orada bir balaca yer düzəltmək istəyirdim. Prezident bizə ev verib. Buranı da həyət evi kimi düzəltmək istəyirdim".
Şəhid anası qeyd edib ki, sözügedən torpaq sahəsi ona hədiyyə edilib:
"Bu oğul anaya yaxşılıq elədi, torpağı verdi. Dünən isə bələdiyyədən tikilini sökmək üçün gəldilər ki, sökürük, tikintini dayandırın. Tikintini dayandırdıq. Bu gün səhər polislər, bələdiyyə işçiləri traktorla gəldilər. Əgər bu torpaq Abşeronundursa, Sabunçu Rayon İcra Hakimiyyəti niyə dağıtmalıdır?"
Mehriban Abdurahmanlı sözügedən ərazidə yaşayan hamının evinin sənədsiz olduğunu bildirib:
"Prezident deyib ki, nə qədər evlər var, hamısı sənədləşəcək. Mən də gözləyirdim ki, qanun çıxan kimi sənədləşdirim. Mənim şərəf və ləyaqətimə toxunulub, üstümə böhtan atılıb. Qollarım gömgöydür, yerimdən tərpənə bilmirəm. Oğlu şəhid olmuş ananı sürüyərlər? İcra Hakimiyyətinin nümayəndələri, polislər - hamısından şikayətçiyəm".
Şəhid anası məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib:
"Polisdən gəlib izahat alıblar. Məhkəməyə də müraciət edəcəyəm".
M.Abdurahmanlı qeyd edib ki, tikili məhkəmə qərarı olmadan sökülüb:
"Məhkəmədən bir kağız göstərib deyəydilər ki, ana, sənin evini uçururam. Mən də bu qərara baxardım, çəkilərdim bir kənara. Mənə heç bir sənəd göstərilmədi”.
14:42
Sosial şəbəkələrdə şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus olduğu deyilən tikilinin sökülməsi ilə bağlı görüntülər yayılıb.
Buta.media xəbər verir ki, görüntülərdə Mehriban Abdurahmanlı bildirib ki, ev Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb: “Məndən 3 min manat pul istədilər. Vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər. Evin sənədi yox idi. Mənim bina evim var. Torpağı bir nəfər bağışlamışdı. Buranı da özüm üçün tikirdim”.
Məsələ ilə bağlı Sabunçu RİH-dən “Qafqazinfo”ya icra başçısı Adil Vəliyevin açıqlaması təqdim olunub:
“Şəhid anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb. Həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi - obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.
Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri isə məndə çox böyük təəssüf hissi yaratdı. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonun tabeliyindədir. Mənim ora tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəinki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.
Lakin təəssüf ki, mənim sözümə baxmayıb, tikintiyə başlayıb, ərazidə tikintiyə mane olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər. Mən qanunsuz işlərə necə göz yuma bilərəm? Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik”.
İcra başçısı vurğulayıb ki, sözügedən şəhid ailəsinə ölkə başçısı ev hədiyyə edib:
“Bütün şəhid ailələri bizim başımızın tacıdır. Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. M. Əbdülrəhmanovaya Ramana qəsəbəsində ev verilib. Ona yardımlar edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrinə 400-dən çox mənzil ev verilib. Hər bir ailəylə şəxsən özüm maraqlanıram. M. Əbdülrəhmanovanın etdikləri şəhid ailəsi adına yaraşmayan addımlardır”.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları təltif edilib.