İsa Qəmbərə niyə 180 manat pensiya təyin edilib? - Səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan “Qafqazinfo”ya açıqlama verilib.

“İsa Yunis oğlu Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinətin təyin edilməsi ilə bağlı mediada dərc olunmuş məlumatla əlaqədar bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda.

İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.

Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”, - açıqlamada deyilir.

15:49

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

“Müsavat” partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkədə qeyd edib ki, İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin edilib.

Partiyanın sədr müavini bildirib ki, Azərbaycan Ali Sovetinin Milli Şurasının deputatı və sədri olmuş, həmçinin prezident səlahiyyətlərini  (17 may 1992–16 iyun 1992) icra etmiş İsa Qəmbərə yalnız yaşa görə pensiya təyin edilib.

Fərəc Kərimli Müsavat partiyasının sabiq başqanına təyin olunan pensiyanın məbləğinin qanunsuz olduğunu iddia edib: “Eyni işlərdə çalışmış şəxslərin pensiyası ilə müqayisədə dəfələrlə fərq var”.

O, həmçinin İsa Qəmbəri Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş ən yüksək vəzifəli şəxs kimi qiymətləndirib.

İqtisadçı-jurnalist Dünya Sakit isə Müsavat partiyasının sabiq başqanının yalnız yaşa görə pensiya təyin edilməsini “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunla əlaqələndirib. O vurğulayıb ki, qanunda nəzərdə tutulan pensiya təminatı Milli Məclisin ilk üzvlərinə şamil edilməyib.  

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ