Smartfonlardakı hava proqnozları düz deyil? - AÇIQLAMA

Smartfonlardakı hava proqnozları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məhsulu deyil və bəzən rəsmi məlumatlardan ciddi şəkildə fərqlənir.

Buta.media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, vətəndaşlar, daha yaxşı olar ki, rəsmi proqnoz məlumatlarını meteo.az saytına daxil olaraq əldə etsinlər:

“Xəbərdarlıqlar verilərkən biz ilk növbədə əhalinin təhlükəsizliyini, rifahını düşünürük. Bəzən vətəndaşlar hava proqnozu ilə bağlı öz narazılıqlarını bildirirlər, məsələn, “Saniyədə 12 metr külək əsəcəyini demişdiniz, amma o, saniyədə doqquz metr oldu” və ya “güclü yağıntı olacağını demişdiniz, amma yağış intensiv olmadı”.

Ölkəmizin relyefi, dağ silsilələrinin, Xəzər dənizinin olması əraziyə daxil olan hava kütlələrinin əlavə transformasiyaya uğramasına şərait yaradır. Buna görə də iki qonşu rayonda eyni vaxtda müxtəlif hava şəraiti müşahidə oluna bilər, haradasa leysan yağarsa, yaxınlıqdakı şəhər və rayonlarda hava quru ola bilər”.

U.Tağıyeva qeyd edib ki, kifayət qədər mürəkkəb, elmtutumlu və texnoloji cəhətdən asılı bir sahə olan meteorologiyanın dünya birliyi tərəfindən “iqlim dəyişmələri” termini kimi qəbul edilmiş sahəsi getdikcə özünü tez-tez və daha aydın şəkildə göstərməklə hava proqnozu prosesini xeyli çətinləşdirir: 

“Ölkəmizdə son illər istifadə olunan yeni texnologiyalar hava şəraitini izləmək üçün ən müasir, təkmilləşdirilmiş vasitələrdəndir. Söhbət avtomatlaşdırılmış meteoroloji və hidroloji stansiyalardan, eləcə də kifayət qədər etibarlı hava proqnozları və xüsusilə gözlənilən anomal proseslərlə bağlı xəbərdarlıqlar verməyə imkan yaradan Doppler radar sistemlərindən gedir.

Yalnız üç-dörd saat öncədən Doppler radarları sayəsində proqnozu dəqiqləşdirmək və yağıntı zonasının əhatə dairəsini daha ətraflı göstərmək mümkündür. Belə hallarda sinoptiklərimiz dəyişmiş şərtlərə uyğun olaraq proqnozu vaxtında dəqiqləşdirirlər”.

Baş sinoptik onu da bildirib ki, mayın 11-i axşamdan 12-si axşamadək ölkə ərazisində yenidən şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə hava şəraitinin yağıntılı keçəcəyi, həftə sonunda isə sabitləşəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ