“Azərsun Holding”in zavodunda güclü yanğının səbəbi açıqlandı - Video

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı birgə açıqlama yayıb.

Bu gün saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq, ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb.

20:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

19:07

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Yanğın “Azərsun Holding”in yağ-qida zavodundadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ