Qızların yerinə xəcalət çəkdim - Bir “İphone”a görə niyə özünü öldürürsən?

“Ötən gün “Park Bulvar”da yaşanan izdihamı gördükdə bir Azərbaycan vətəndaşı kimi həqiqətən xəcalət çəkdim”.

Buta.media xəbər verir ki, bunu Demokrat.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bloger Hüseyn Həsənovla görüşdəki izdiham barədə danışan Hacıyev bunun cəmiyyət üçün çox utancverici hadisə olduğunu vurğulayıb:

“Hələ də o hisslərdən ayrıla bilmirəm. Bir saqqallı gədə gəlsin Bakıya və Azərbaycan gəncliyini başına yığsın, sonda belə bir biabırçılıq yaransın. Bu, milləti, gəncliyi ələbaxımlı etməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi, xalqı Ali Baş Komandanın ətrafında birləşdi və torpaqlarımızı erməni terrorçularından azad etdi. Amma bir gədə gəlib Bakıya və “İphone” adı ilə milləti aldadıb, bulvarlara töküb. Bu izdihamın içində kim olursa-olsun, bizim üçün utancverici hadisədir. Mən, sözün düzü, belə şeyləri qəbul etmirəm. Biz böyük millətik! Azərbaycan xalqı ləyaqətli xalqdır!”.

H.Hacıyev qeyd edib ki, belə hadisələr düşmənə siqnal verir:

“Bu gün-sabah kimsə gələcək və “İphone” adı ilə milləti yığacaq başına və sonra da başqa komanda verəcək. Bu, həqiqətən də çox qorxulu haldır. Bu, düşmənlərin ilk məşqi də ola bilər. Sabahısı gün mən də çıxım, başqası da çıxsın ki, “İphone” paylayıram. Adamları töküm başıma və başqa komandalar verim. Görün, bu, nə dərəcədə qorxuludur. Bununla, ölkədə təxribatlar törədilə bilər. Çünki düşmənə işarə verir ki, Azərbaycan xalqı bir “İphone”a görə meydana tökülür. Sabahısı gün düşmən gələr və “İphone”dan da bahalı bir şey təklif edə bilər”.

Onun sözlərinə görə, bu hadisə Azərbaycan gəncliyi adına yaraşmayan addımdır:

“Azərbaycan qızlarının yerinə xəcalət çəkdim. Görəsən, onların yiyələri tüpürmədilər onlara? Ay mənim qızım, gedirsən, orada bir “İphone”a görə niyə özünü öldürürsən? Bu, bizim üçün utancvericidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ