Daxili xidmət ödənişləri gecikdirildiyinə görə sakinlərin kommunal təchizatının dayandırılması qanunaziddir.
Bəzən mənzil tikinti kooperativlərinin idarəetməsində olan binalarda sakinlərin işıqları qanunsuz olaraq söndürülür. Bunu edən isə bina komendantları və ya yaşayış binasının digər idarəçiləridir.
Oxu.Az-ın əməkdaşı bu istiqamətdə sorğu aparmaq qərarına gəlib.
Apardığımız sorğu zamanı sakinlər bildiriblər ki, binanın daxili xidmətləri məsələn lift pulu, tullantıların daşınması üçün ödənilən məbləğ və digər ödənişlərdə gecikmələr olanda qanunsuz olaraq onların kommunal, xüsusən də işıq təchizatı xəbərdarlıq edilmədən dayandırılır:
“Belə olan halda isə evdə azyaşlı övladı və ya xəstəsi olanlar ciddi problemlə qarşılaşırlar”.
Bəzi binalarda isə komendantların sakinlərə üzərində heç bir möhür, imza olmayan kağız parçası paylayaraq orada qeyd edilən məbləği ödəməyi tələb etməsi ilə bağlı da xəbərlər yayılır.
Məsələ ilə bağlı ekspert Ramil Osmanlı deyir ki, vətəndaşların daxili xidmət ödənişlərinin gecikdirilməsinə görə qaz, işıq, su təchizatının MTK-lar tərəfindən dayandırılması yolverilməzdir:
“Çünki vətəndaşlar kommunal xidmət göstərən qurumlarla ikitərəfli öhdəliklərə dair müqavilə bağlayır. Bu problem bir neçə il öncə daha qabarıq idi. Son zamanlar belə şikayətlərin sayı azalsa da, problem hələ də qalmaqdadır. Səbəb isə istismara verilməyən binaların mövcudluğudur”.
Ekspert deyir ki, həmin binalar təhvil verilmədiyinə görə sahə mülkiyyətçilərinin sayğacları yoxdur. Sayğaclar yalnız Mənzil Tikinti Kooperativi hüquqi şəxs üçün nəzərdə tutulub.
Bəs bu problem həllini necə tapmalıdır?
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu tip problemlərə dair vətəndaş müraciətlərinin sayı artıb:
“Müraciətlərin əksəriyyəti şikayət xarakterli olsa da, bəzi vətəndaşlar belə halların qanunvericilik baxımından əsaslı olub-olmamasını öyrənmək istəyirlər. Mövcud qanunvericiliyə əsasən, elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı xidmətlər təchizatçı müəssisələr ilə mənzilin sahibi (mülkiyyətçisi) arasında bağlanılan ikitərəfli müqavilə əsasında təmin olunur. Həmin xidmətlərin göstərilməsi zamanı hər hansı üçüncü tərəfin iştirakı nəzərdə tutulmayıb.
Qeyd edilənlərə uyğun olaraq, istehlakçılar qanunvericilikdə göstərilən hallarda təchizatçı müəssisənin əməkdaşlarının iştirakı olmadan kommunal xidmətləri əldə etməkdən məhrum oluna bilməzlər. Çoxmənzilli binalarda yaşayan sakinlərin mənzillərinə hər hansı borca görə və ya digər subyektiv tələblər əsasında elektrik enerjisi, su və qazın verilişinin hər hansı üçüncü şəxs, o cümlədən mənzil tikinti kooperativinin nümayəndəsi, yaxud çoxmənzilli yaşayış binasının digər idarəçisi tərəfindən dayandırılması qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yaradır”.