Zaqatalada 37 yaşlı kişinin arvadını və özünü öldürmə hadisəsinin təfərrüatı üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yuxarı Çardaxlar kəndində həyat yoldaşı, 37 yaşlı Xavər Həsənovanın boğazını kəsərək öldürən, daha sonra intihar edən Qılman Həsənov hadisədən əvvəl xalası oğluna mesaj yazıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. 1 həftə əvvəl Dağıstanın Mahaçqala şəhərindən Zaqatalaya qayıdan Qılman həyat yoldaşını qətlə yetirmək qərarına gəlib. O, övladlarını atasıgilə göndərdikdən sonra – aprelin 17-nə keçən gecə həyat yoldaşı ilə evdə tək qalıb və əvvəlcədən planlaşdırdığı kimi X.Həsənovanı qətlə yetirib. Q. Həsənov Xavəri öldürdükdən sonra Mahaçqalada olan və birlikdə işlədiyi xalası oğluna mesaj yazıb.
“Hər şeyi sübut elədim, bu işin axırına çıxdım” formasında mesaj göndərən şəxs daha sonra “Övladlarımı, onların gələcəyini qardaşıma həvalə edirəm” kimi cümlələr yazıb. Bundan sonra Qılmanla əlaqə saxlamaq mümkün olmayıb.
Mahaçqalada olan Qılmanın qardaşı və xalası oğlu onun mesajlara və zənglərə cavab vermədiyini görərək narahatlıq keçiriblər və qohumlarına bildiriblər. Dünən səhər tezdən yaxınları Qılmanın evinə gəliblər, lakin qapı-pəncərələrin bağlı olduğunu görüb hadisə yerinə polisi dəvət ediblər. Bundan sonra qapıların açılması ilə Qılmanla Xavərin evdə qalmış meyitlərini aşkar ediblər.
O da məlum olub ki, Qılmanla Xavər orta məktəbdə bir sinifdə oxuyublar və sevərək ailə qurublar. Xavər Həsənova kənd məktəbində müəllim kimi çalışıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.