Son zamanlar vətəndaşlar xaricdən, xüsusilə Çindən göndərilən poçt bağlamalarının həddən artıq gec gəlməsindən şikayətlənirlər. Vəziyyət o həddə çatıb ki, bağlamalar 2-3 aya belə alıcıya çatmır.
“Qafqazinfo” məsələ ilə bağlı “Azərpoçt” MMC-nin mövqeyini öyrənib. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, son bir aydan çox davam edən gecikmələrə səbəb Rusiya-Ukrayna münaqişəsidir.
“Hazırda elektron ticarət mallarının əsas hissəsi Azərbaycana Latviya (Latviya Poçtu) üzərindən gəlir. Bu da məsafə baxımından uzaq olduğundan ləngimələrə səbəb ola bilir. Bununla belə, problemin həlli istiqamətində Latviya Poçtu bir sıra tədbirlər görməkdədir”, - deyə məlumatda qeyd olunur.
Əlavə edilib ki, gecikmələrin səbəbi bəzən sifarişçilərin özündən də qaynaqlana bilir: “Bu kimi səbəblərə aşağıdakı halları göstərmək olar: sifariş verilən zaman alıcının ünvanının düzgün yazılmaması, seçilmiş yaxın poçt şöbəsinin indeksinin dəqiqləşdirilərək qeyd olunmaması, alıcıya poçt göndərişinin çatması barədə SMS bildirişinin göndərilməsi üçün mobil nömrənin qeyd olunmaması.
Bununla belə, “Azərpoçt” Müştəri Xidmətləri Mərkəzi gecikmələrlə bağlı yaşanmış halları göndərişin izləmə kodu məlumdursa, eyni zamanda göndərişin tarixindən 6 aydan çox vaxt keçməyibsə, araşdırmağa hazırdır”.