Bağçalara qəbul vaxtı açıqlandı - Övladlarını rus bölməsinə qoymaq istəyənlərin nəzərinə

Azərbaycanda uşaq bağçalarına qəbula iyul ayından başlaması nəzərdə tutulub.

Buta.media xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

Şöbə müdiri qeyd edib ki, qarşıda olan məsələlərdən biri də yeni tədris ili başlayana qədər məktəbəqədər təhsil müəssisələrində də uşaq qəbulunu vahid elektron formada həyata keçirməkdir.  

“Bu, valideynlərin evdən çıxmadan belə elektron sistem vasitəsilə bağçanı seçərək övladlarını qeydiyyatdan keçirməklərinə imkan verəcək”, - deyə Elnur Əliyev qeyd edib.

O vurğulayıb ki, valideynlər sonradan övladlarının bağçasını dəyişə bilər: 

“Burada əsas məsələ bağçalarda boş yerin olub-olmamasıdır. Nəzərdə tutduğumuz mexanizm boş yerlərin sistemdə daim açıq olmasını təmin etməkdir. Biz çalışacağıq ki, boş yerlər daima sistemdə görünsün”.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə övladlarını rus bölməsinə qoymaq istəyən validyenlərə müraciət edib.

“Azərbaycandilli ailə övladını rus bölməsinə qoymaq istəyəndə bilməlidir ki, bununla uşaqlarının akademik bilikləri öyrənmək istəyinin qarşısına böyük sədd çəkirlər. Çünki uşaq başa düşdüyü dildə elmi daha tez qavrayır. Bunu valideynlər nəzərə alsalar, yaxşı olar”, - deyə Vəfa Yaqublu bildirib.

O, həmçinin qeyd edib ki, adətən rusdilli ailənin övladlarının başqa dildə oxuması problem yaratmır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ