Bakıda gecə klubunda baş vermiş partlayışdan sonra hadisənin səbəbindən çox, gənc qızların oraya getmələri müzakirələrə səbəb oldu. Məlum olaydan bir neçə gün keçsə də, tənqidlərin ardı-arası kəsilmir.
Azərbaycanlı xanımların gecə saatlarında klublara getməsi, içki məclislərində iştirakı milli mentalitetimizə zidd hesab olunur. Lakin əksər gənclər bu fikirləri geridəqalmışlıq kimi qəbul edərək, tənqidlərin əsassız olduğunu düşünürlər.
Gənc xanımlarımızın gecə klublarına getməsinə ziyalı kəsimin münasibəti necədir?
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas ölkəmizdə gecə klublarının olmasını yaxşı hal hesab etmədiyini bildirib:
“Mənim gecə klublarından xoşum gəlmir, zəhləm gedir. Heç vaxt gecə klublarında olmamışam. O cür klubların fəaliyyətinə yaxşı baxmıram. Amma hər kəsin hüququ var, istəyən gedə bilər. Heç kimə qadağa qoya bilmərik ki, sən gecə klubuna getmə”.
Tanınmış həkim Rəşid Mahmudovun fikrincə, Azərbaycan xanımlarının gecə saatlarında klublara getməsi ayıbdır və bunu qəbul etmək olmaz:
“O cür gecə klubları pis oğlanların, pis qızların yeridir. Bunu hamımız yaxşı bilirik. Həmin klubu açana da, oraya gedənə də ayıb olsun. Bizim millətə yaraşmır bu hərəkətlər. Azərbaycan xanımına gecə saat 3-də klubda olmaq yaraşmır, ayıbdır. Hadisə baş verən klubdakıların siyahısını açıqlamışdılar, cəmi iki nəfər xarici vətəndaş var idi. Çox təəssüf ki, 35 Azərbaycan vətəndaşının adı həmin siyahıdadır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının mərkəzində fəaliyyət göstərən gecə klublarından birində partlayış olub. Hadisə nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib, 37 nəfər yaralanıb. Ötən gün xəsarət alanlardan biri xəstəxanada vəfat edib, iki nəfərin vəziyyəti kritik qiymətləndirilir. Digərlərinin müalicəsi davam etdirilir.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, üç nəfər həbs olunub.