Şahbaz Quliyevin iddialarına - Rəsmi cavab

Yeddi il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev bu gün aksiya keçirməyə cəhd edib. Onun əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyi deyilir.

Məsələ barədə Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya departamentinin müdiri Mayis Musayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Bakı şəhərinin mərkəzində etiraz edərək, bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib:

“Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır. Çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir. Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir.

Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O, öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib.

Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib”.

Qurum rəsmisi əlavə edib ki, Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası həqiqəti əks etdirmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ