Fövqəladə Hallar Nazirliyi bu gün gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqınlarla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib.