“Bu ilin fevralında Rusiyaya gəlmişdik, geri dönüş biletlərimiz də alınmışdı. Lakin hava sərhədi bağlandığından Azərbaycana qayıda bilmədik. Martın 7-dən Dağıstanın Dərbənd şəhərində “Oqonyok” düşərgəsinə yerləşdirilmişik. Biz gələndə düşərgədə 150 nəfər var idisə, hazırda burada qeydiyyata alınanların sayı 1000-i keçib. Aralarında körpə uşaqlar, yaşlılar, xəstələr var, hamısı qalıb, evinə-eşiyinə gedə bilmir...”
Bu şikayətlə “Qafqazinfo”ya Rusiya ilə sərhəddə qalan bir qrup azərbaycanlı müraciət edib. Onların sözlərinə görə, hazırda düşərgəyə Rusiyanın müxtəlif şəhərlərindən azərbaycanlılar toplaşıb.
Şikayətçilər iddia edirlər ki, onlara sözügedən düşərgədə 1-2 gün saxlanıldıqdan sonra Azərbaycana buraxacaqları bildirilib: “Biz 14 nəfər Astraxanda təhsil alan tələbələrik. Bizdən başqa yüzlərlə insan burada düşərgədə qalıb. Hazırda gələnlərin sayı o qədər çoxdur ki, qapıdan içəri girə bilmirlər, 40 nəfər soyuqda qalıb. Burada vəziyyət çox pisdir. Bizə dedilər ki, quru sərhədi bağlı olsa da, bu düşərgədən azərbaycanlıları ayda bir neçə dəfə, hissə-hissə ölkəyə buraxacaqlar. Əslində Rusiya sərhədindən keçə bilirik, amma Azərbaycan tərəfi bizi buraxmır. Öz vətənimizə qayıda bilmirik. Bütün aidiyyəti dövlət qurumlarına - XİN-ə, Rusiyadakı Səfirliyimizə, Nazirlər Kabinetinə müraciət etsək də, bizimlə bağlı tədbir görən yoxdur”.
Sərhəddə çətin vəziyyətdə qalan şikayətçilərlə bağlı Nazirlər Kabinetinə müraciət etsək də, cavab ala bilmədik.
Xatırladaq ki, ötən gün Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev sözügedən məsələni gündəmə gətirib. Bildirib ki, Rusiya-Azərbaycan quru sərhədində yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır: “Soydaşlarımıza bu cür münasibət ölkəmizin nüfuzuna ziyandır. Cənab Baş nazir, sizdən quru sərhədlərin açılmasını və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm”.
Baş nazir Əli Əsədov isə bildirib ki, karantin qaydaları yumşaldılsa da, pandemiya aradan qalxmayıb: "Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan azərbaycanlıların məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında uçuşlar martın 6-dan dayandırılmışdı. Bu beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqələndirilirdi. Ötən gün isə Rusiyanın “Aeroflot” aviaşirkəti martın 21-dən Azərbaycana reysləri bərpa edəcəyini açıqlayıb.