Zaqatala rayon sakini Hüseyn Nəcməddin oğlu Məmmədovun yüksək dağlıq ərazidə meyiti tapılıb.
Axaxdərə sakini olan 32 yaşlı Hüseynin cəsədi Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.
Ehtimal edilir ki, o, dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.
Belə ki, Hüseyn Məmmədov dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə onun işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.
Bu zaman onun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində Hüseyn bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.
Faktla bağlı araşdırma aparılır.