Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin pilotlarının internetdə yayılan “danışıqlarının tam stenoqramı” qara qutuların məzmunundan fərqlənir.
Bunu təyyarə qəzasını araşdıran komissiyaya rəhbərlik edən Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev deyib.
Qazaxıstan hökumətində mətbuat konfransında danışan baş nazirin müavini bildirib ki, ehtimal ki, bu, uçuş yazıcılarından deyil, internetə sızan yerüstü xidmətlərdən səs yazılarıdır. “Qara qutuda kapitan, pilot və ekipaj üzvləri arasında bütün söhbətlər var”, Bozumbayev vurğulayıb.
Qazaxıstan rəsmisi qeyd edib ki, hakimiyyət məlumatın KİV-ə sızması ilə bağlı cinayət işi açmaq niyyətində deyil.
“Əgər biz bunu qara qutu stenoqramlarının sızması hesab etmiriksə, niyə sızmanın mənbəyini axtarırıq? Sadəcə kiminsə internetdə bir şey yazması onun doğru olduğu demək deyil. Bu məlumatlarla qara qutuların içindəkilər arasında böyük fərq var”, deyə baş nazirin müavini bildirib.
Yanvarın ortalarında Baza Telegram kanalı qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsi ilə Qroznı, Rostov-na-Donu və Aktau hava limanlarında dispetçerlər arasında danışıqların tam stenoqramını dərc edib. Rəsmilər dərc edilən “danışıqların” həqiqiliyini təsdiqləməyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.