“OBA” market şagirdin girov götürülməsinə aydınlıq gətirdi

Ötən gün “OBA” marketlər şəbəkəsinin mağazaların birində oğurluq edən yeniyetmənin girov götürülməsi və anasında pul alınması ilə bağlı iddialar yayılıb. Bu barədə məktəblinin anası sosial şəbəkədə məlumat yayıb.

“9-cu sinifdə oxuyan oğlum iki sinif yoldaşı ilə birlikdə OBA Marketin Sabunçu rayonu, Aydınbəyov 9A ünvanında yerləşən mağazasından şokolad oğurlayıb. Mağaza müdiri məni çağırdı, çarəsizlikdən ağladım, üzr istəyib cəriməsini ödəmək istəsəm də, məndən 300 manat tələb etdilər. Yalvarıb bu məbləği bir az aşağı salmaqlarını xahiş elədim, müdir dedi ki, pulu gətirməyincə, uşağı buradan apara bilməzsiz”, yeniyetmənin anası bildirib.

Onun sözlərinə görə, hadisə baş verən vaxt özü işdə olub və mağazaya sonradan gedib. Mağaza müdiri oğlunun daha əvvəl də oğurluq etdiyini əsas gətirərək ümumilikdə 700 manatlıq mal oğurlandığını bildirib. Mağaza rəhbərliyinin oğlunu “girov” saxladığını, pulu qaytaracağı təqdirdə buraxacağını iddia edib: 

“Mənə dedilər ki, uşağınız bundan əvvəl də mağazadan oğurluq edib. Ümumilkdə 700 manatlıq oğurluq olub. Hətta bayram günlərində də oğurluq etdiyini dedilər. Halbuki, uşaq bayram günlərində mənimlə birlikdə rayonda olub. Oğlumla birlikdə oğurluq edən uşağın valideynlərindən isə 70 manat tələb ediblər. Bunu biləndə gedib ağlayıb yalvardım ki, cəmi 500 manat maaş alıram, 300 manatı gətirməyə imkanım yoxdur.  200 manata razılaşdılar, onun da 150 manatını tapıb verdim. Uşağın şəxsiyyət vəsiqəsini və telefonunu saxladılar ki, digər 50 manatı gətirəndə apararsan”

Öz növbəsində, “OBA” marketlər şəbəkəsinin mağazaların birində girov götürülməsi ilə bağlı iddialara aydınlıq gətirib. 

Şirkətin açıqlamasında bildirilir ki, ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb. 

“Son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb. Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda video görüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib”, deyə məlumatda bildirilir.

Açıqlamada qeyd olunur ki, valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.

Şirkətdən həmçinin bildirilib ki, mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etməyib:

“Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü”. 

Açıqlamada qeyd edilir ki, mağaza müdiri ananın hayqırtısını heçə saya bilməyib. O uşağın qaçıb özünə hər hansı zərər yetirə biləcəyindən qorxub. 

“Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”, mağaza müdiri deyib.

Şirkətdən həmçinin bildirilib ki, hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ