Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq. Bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
O vurğulayıb ki, qara qutular Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb.
“Bu qutuların surətləri, yəni bu materialların surətləri həm Azərbaycan, həm də Rusiya tərəfinə verilib. Gizlədəcək heç nəyimiz yoxdur. Mən audio danışıqları və digər məlumatları nəzərdə tuturam”, Bozumbayev əlavə edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.