Azərbaycanda məşhur cərrah əməliyyat zamanı canlı yayım açdı, araşdırma başladı - video

Azərbaycanda daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib. 

Sosial şəbəkələrdə “Azər-Türk Med” klinikasında plastik cərrahın əməliyyat zamanı “TikTok” platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb. Görüntüləri Lent.Az saytı dərc edib.

Kadrlardan məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova münasibət bildirib.

“Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilərsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədənşəkilləndirmə əməliyyatı bugünkü gündə diqqətçəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər”, həkim deyib.

Xəstənin icazəsi məsələsinə gəldikdə isə cərrah bildirib ki, onun əməliyyat masasına uzanan hər bir pasiyent canlı yayım açılacağı ehtimalının olduğunu bilir:

“Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”.

Qeyd edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib:

“Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Xatırladaq ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ