Qusarda bir şagirdi olan məktəb - Müəllimi öz anasıdır

Qusar rayonunun Çətkün kənd ibtidai məktəbində cəmi bir şagird təhsil alır.

Buta.media xəbər verir ki, “AzərTAc” sözügedən məktəbdən reportaj hazırlayıb. 

Məktəbin kollektivi üç nəfərdən - direktor, bir müəllim və bir şagirddən ibarətdir. Məktəbdə təhsil alan Nadim Alxasov 3-cü sinifdə oxuyur. Onun anası Lalə Alxasova, eyni zamanda, onun müəllimidir.

Ötən tədris ilində məktəbdə 10 şagird təhsil alıb. Onlardan bəziləri ibtidai təhsilini başa vurub. Digər şagirdlər qonşuluqdakı Cağar kənd ümumi orta məktəbində təhsillərini davam etdirirlər.

Çətkün kəndi dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Qusarın rayon mərkəzindən 26 kilometr məsafədə yerləşir. Kənddə 200 nəfərədək əhali yaşayır.
Çətkün məktəbinin yeganə şagirdi olan Nadim Alxasov əlaçıdır. O, sinif yoldaşları üçün darıxdığını söyləyir. Doqquz yaşlı Nadim böyüyəndə polis olmaq istəyir.

Müəllim Lalə Alxasova şagird sayından aslı olmayaraq, tədrisin təyin olunmuş proqramı üzrə aparıldığını deyib.

Məktəbin direktoru Abdulxalid Məcidov bildirib ki, Çətkün kəndində növbəti tədris ili üçün məktəbə gələcək 8 uşaq qeydiyyata alınıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ