AZAL pilotlarının niyə eniş üçün Aktau şəhərini seçdiklərinin səbəbi bilindi - video

Ötən il dekabrın 25-də Bakı - Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəza etdiyi ərazi simulyatorda nümayiş etdirilib.

Təlimçi-kapitan Vüqar Mehdizadə “Embraer 190” təyyarəsinin Aktauya enməsinin səbəbini açıqlayıb:

“Nə üçün Bakı - Qroznı reysini yerinə yetirən təyyarə Aktauya yönəldi və hadisə orada baş verdi? Çünki bu bölgənin sahəsi tamamilə düzənlikdir. Orada dağlıq ərazilər yoxdur. Əgər pilotlar dağlıq ərazidə yerləşən hava limanlarına yönəlsəydi, yanlış seçim olardı. Çünki hava gəmisi idarəedilməz durumda idi. Kapitanın Aktauya yönəlməsi tamamilə doğrudur. Onlar çox çətin vəziyyətdə Qazaxıstana qədər getdilər”.

Daha sonra pilot, qəzadan 3 gün əvvəl həmin təyyarəni idarə edən Tural Şahverdiyev qəza edən pilotların seçimindən danışıb: 

“Təyyarə kapitanı Aktauya gələrək normal eniş etməyi düşünürdü. O, bir neçə dəfə havada dövrə vuraraq ən uyğun enişi etmək istəyirdi. Lakin son anda nə baş verdiyini heç kəs bilmir”.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ