Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 25 dekabr 2024-cü il tarixində qəzaya uğraması nəticəsində həlak olan ekipaj heyətinin və sərnişinlərin banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silib.
Bu barədə ABA-dan bildirilib.
“Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, açıqlamada bildirilib.
Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.