Azərbaycana məxsus üç gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.
Bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O iddia edir ki, heyət iki aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.
Gəmilər ASCO-ya məxsus deyil
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya məxsus deyil.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır:
“Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır”.