AZAL təyyarəsi ilə bağlı yekun hesabat üç ildən gec olmayaraq təsdiqlənəcək

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.

Bu barədə TASS-a Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - deyə nazirlikdən bildirilib.

İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da Kazinform agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ