Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə, ilkin araşdırmaya görə, “xarici fiziki və texniki təsir”ə məruz qalıb.
Bu barədə “Reuters” aviaşirkətin açıqlamasına istinadən yazıb.
Agentlik hələlik başqa təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.