DYP əməkdaşları eyni taktikadan istifadə edir - Qayda pozulubsa niyə protokol tərtib etmir?

Artıq dördüncü dəfədir yol polisləri tərəfindən əsassız yerə avtomobili saxla əmri verilir və heç bir protokol tərtib edilmir. Sadəcə insanın əsəb sistemləri pozulur.

Buta.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Qeyd edilib ki, hadisə növbəti dəfə bu gün - 02.03.2022-ci tarixi saat 07:51-də baş verib:

“Başıma bir neçə dəfə gəldiyi üçün qərar gəldim ki, bunu şikayət edim və ictimailəşdirim. Şikayətim Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi əməkdaşlarındandır. Bu gün 99-YP-251 dövlət nömrə nişanlı DYP avtomobili bayraq meydanından üzü Bayıla tərəf gedəndə siqnal verib saxlamağıma işarə etdi. Yaxa kartı nömrəsi 0565 olan DYP əməkdaşı yaxınlaşaraq avtomobilimin sığortasını nə vaxt yenilədiyimi soruşdu. Bu hal 4-cü dəfə baş verdiyi üçün “vaxtı çatanda yeniləyirəm” cavabının verdim. “Bizim sistemdə görünmədiyi üçün saxlamışam” deyərək planşetində qurdalanmağa başladı. Mən də artıq bunun mütəmadi hal aldığını, əgər göstərmirsə sistemlərini düzəltdirməsini bildirdim. Qısa söhbət və əsəblər yerindən oynayandan sonra heç bir protokol tərtib edilmədən yoluma davam etdim.

Avtomobilin sığortasının olduğuna dair heç bir sənəd-sübut təqdim etmədim. İndi sual olunur, bu DYP əməkdaşının məqsədi nədir? Əgər sığorta həqiqətən yoxdursa niyə protokol tərtib etmədi? Baxmayaraq planşeti mənə tərəf tutub “sistemdə görsənmir”i 2-3 dəfə təkrarladı. Eyni zamanda əgər avtomobilin sığortası yoxdursa bunu kameralar vasitəsilə elektron qaydada qeyd edib protokol tərtib etməlidirlər.

Onu da qeyd edim ki, Səbail rayon DYP-sinə aid 99-YP-250, 251, 252, 253 dövlət nömrəli avtomobillər eyni taktikadan istifadə edir. Çünki məni əvvəlki hallarda digər avtomobil saxlamışdı. Onlar eyni ərazidə, “Azneft” meydanı - 20-ci sahə ətrafında xidmət aparırlar.
Elə yerindəcə 102 xidmətinə şikayətimi bildirdim”. 

Şikayətçi paylaşımına Daxili İşlər Nazirliyinin rəsmi səhifəsi də işarələdiyindən mövzuya dərhal reaksiya verilib. Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, hazırda sözügedən məsələ araşdırılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ