Abituriyentlərə xüsusi aparat satan şəxs həbs edilib

Azərbaycanda abituriyent imtahan qaydalarını pozduğuna görə məhkum edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.

Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ