Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
O qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.
“Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir”, - deyə o bildirib.
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Eyni zamanda, 12-13-dekabr tarixlərində Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Goranboy və Naftalan rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Dekabrın 12-də gözlənilən hava proqnozu
Sabah, dekabrın 12-də, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu proqnozlaşdırılır. Nisbi rütubətin 70-80 % olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin 12-si gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.