“Vətəndaş A” serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub.
Belə bir iddia ilə serialın rejissoru Elvin Rüstəmzadə çıxış edib.
“5-6 min dollarlıq dron idi. Biz də elə dron qəzalarından danışırdıq. Elə o anda Orxan mənə dedi ki, dron görünmür. Çıxıb baxdıq ki, yoxdur. Sən demə orada hərbi baza var. Dronu icazəsiz qaldırdığımıza görə vurublar. Sonra onlarla əlaqə saxladıq. Dedik ki, bu gün dron vurmusuz? Onlar da dronun modelinin adını deyərək bunu təsdiqlədilər. Dedik niyə vurmusuz? Dedilər ki, biz nə bilək o nə dronudur, icazəsiz qaldırmısız?”, deyə E.Rüstəmzadə qeyd edib.
Serialının prodüseri məlumatı təkzib edib
“Vətəndaş A” serialının prodüseri Sevinc Əliyeva bununla bağlı İnstagram hesabında açıqlama yayaraq, məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.
“İctimai Televiziya və mən SFN Prodakşnın rəhbəri (“Vətəndaş A” serialının baş prodüseri - red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”, - o qeyd edib.
Dron operatoru Orxan İslamov isə texnikanın onun səhvindən qayaya dəydiyini bildirib:
“TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vurmayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, “zoom”. Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur. Ona görə də, məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə “zoom linza” ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırdım, 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur”, deyə o qeyd edib.
Dövlət Sərhəd Xidməti hadisəyə münasibət bildirib
Qurumun Mətbuat Mərkəzindən bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.