Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 29-u Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Siyəzən, Xızı, Xaçmaz, Şabran, Quba, Qusar, Goranboy, Naftalan, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Daşkəsən, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Noyabrın 29-da gözlənilən hava proqnozu
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli yağışın olacağı ehtimalı var. Yağıntı axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın olacağı, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.