Bakı şəhər Səbail rayonu Xaqani küçəsi 1/5 ünvanında yerləşən mağazalardan birinin icarədarı Nurlan Nurəliyev işlətdiyi obyektə kanalizasiya sularının və üfunət qoxusunun dolmasından şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, bir aydan artıqdır kanalizasiya xəttinin yararsız hala düşməsi səbəbindən mağazanı bağlamaq məcburiyyətində qalıb.
O, “Malakan bağı”nda aparılan təmir-tikinti işləri zamanı podratçı şirkətin səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyini, nəticədə özünün və ətrafda yerləşən bir sıra obyektlərin zərər çəkdiyini iddia edib: “Bir aydan artıqdır kanalizasiya xəttinin bağlanması səbəbindən mağazamız fəaliyyətini dayandırıb. Bu vəziyyətdən ətrafdakı obyektlər və parkdan istifadə edən insanlar da əziyyət çəkir. Belə ki, parkın özünü də kanalizasiya xətlərinin düzgün qoşulmaması səbəbindən üfunət iyi bürüyüb. Üfunətdən sakinlər, turistlər rahat istirahət edə bilmirlər”.
N.Nurəliyev əlavə edib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediblər: “Biz yaranmış vəziyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyəinə müraciət etmişik. Lakin cavab vermirlər, qurumlar hərəkətsizlik nümayiş etdirirlər. Onlar özləri də təsdiq edir ki, bağda təmir zamanı bir neçə kanalizasiya quyusu bağlanb. Bu da zahirən möhtəşəm görüntüsü olan “Malakan bağı”nda üfunət qoxusunun yayılmasına, ətrafdakı obyektlərə kanalizasiya suyunun dolmasına gətirib çıxarır. Əvvəllər belə problemlər olanda həmin “luk”lardan istifadə etməklə problemi aradan qaldırırdılar. İndi isə “Azərsu” əməkdaşları gələn kanalizasiya suyunun mənbəyini tapa bilmirlər. Deyirlər ki, obyektin qarşısı qazılmalıdır ki, suyun mənbəyini tapsınlar. Bakı Şəhər İcra Hakimiyyəti isə buna razılıq vermir. Biz də çarəsiz vəziyyətdə qalmışıq”.
İş adamı əlavə edib ki, mövcud vəziyyət ona xeyli miqdarda maddi ziyanın dəyməsinə gətirib çıxarıb: “Obyekt işləmir, işçilər maddi cəhətdən zərər çəkir, həmçinin kanalizasiya qoxusu satışda olan geyim əşyalarına və digər inventara hopur. Bağda təmir aparılarkən bizim obyektin qarşısında hazırda suyun axdığı yeri təcili sökdülər, halbuki orada izolyasiya var idi. Əvəzinə səliqəsiz şəkildə palçıq vurdular, o da mənbəyi məlum olmayan kanalizasiya sularının qarşısını kəsə bilmir”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki problemdən xəbərdardırlar: “Səbail rayonu Xaqani küçəsi 1/5, Malakan bağının yanına Səbail rayonu Sukanal İdarəsi tərəfindən baxış keçirilib. Parkın təmiri zamanı podratçı şirkət tərəfindən aparılan təmir-tikinti işləri zamanı səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyindən, xətlərin üstünü bağladığından sınmalar əmələ gəlib. Ərazidə qazıntı işləri aparılmalıdır ki, xətlər bərpa olunsun. Buna görə Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmalıdır. Müraciət ediblər, cavab gələndən sonra tərəfimizdən lazım olan tədbirlər görüləcək”.