Yenə yağış, yenə Sabunçu - video

Səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında yenə çətinlik yaranıb.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb. 

Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb. 

Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.

Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, nazirliyin qüvvələri su basmış bəzi ərazilərdə suyun çəkilməsi işlərinə cəlb edilib.

Görüntülərlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, normadan artıq yağan yağışlardan sonra ağır fəsadların müşahidə olunmaması üçün Xidmət üzərinə düşən bütün işləri görməkdədir: “Yağış sularını axıtmaq üçün istifadə olunan drenaj sistemləri və tullantı sularını daşıyan xətlər, kollektorlar mütəmadi təmizlənir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ