Azərbaycanda hava dəyişir. Temperatur 4-6 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Oktyabrın 26-na olan hava proqnozu

Sabah, oktyabrın 26-da, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli yağışın olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16 ° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yükələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ