Şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən daha bir görüntü yayılıb.
Qafqazinfo-ın məlumatına görə, görüntünün Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkildiyi deyilir. Yüzə yaxın şəxsin tibb müəssisəsinin qabağında növbəyə dayandığı, lakin bütün xəstələrə çatacaq qədər dərmanın olmadığı bildirilir.
Kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir və hətta yaşlı insanlar təhlükəli vəziyyətə düşərək dəmir arakəsmədən keçməyə cəhd edirlər.
Qeyd edək ki, bundan əvvəl digər rayon xəstəxanalarında da oxşar növbələrin olması ilə bağlı görüntülər yayılmışdı. Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınan kadrlarda xəstələr xidmətin düzgün qurulmamasından əziyyət çəkdiklərini bildirirdilər. Həmçinin Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin gecə saatlarından növbəyə düzüldükləri, xəstə sayına uyğun dərmanın olmadığı iddia olunurdu.
Səhiyyə Nazirliyi isə şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanların Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, nazirliyin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alındığını açıqlamışdı. Dərman preparatlarının xəstələrə paylanması isə TƏBİB tərəfindən həyata keçirilir.