“Alkoqollu içkilərin satışı məhdudlaşa bilər”

“Bu layihə qəbul ediləcəyi halda alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bildirib.

“Bundan başqa, keyfiyyətsiz alkoqol istehlakına görə yaranan xəstəliklər beləliklə azala bilər. Çünki keyfiyyətsiz alkoqollu içkilərin insanda hansı xstəlikləri yaratdığı məlumdur. Daxili bazarda sağlam, haqlı rəqabət aparmaq baxımından da bu layihənin qəbulu müsbət nəticə əldə olunmasına gətirib çıxaracaq”, - deyə A.Əmiraslanov bildirib.

Qeyd edək ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı qayda dəyişir. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Deputat Vüqar Bayramov əlavə edib ki, Azərbaycan dünyada alkoqol istehlakına görə öndə gedən ölkələrdən deyil.

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il ölkələr üzrə adambaşına düşən alkoqol sayı açıqlanır. ÜST-ün sonuncu hesabatında əvvəlki 3 ilə nisbətən Azərbaycanda adambaşına düşən alkoqol istehlakı 2.5 dəfə artıb. Yəni ölkədə adambaşına düşən alkoqolun miqdarı 2 litrdir. Bu, ciddi rəqəm deyil, amma tendensiya ondan xəbər verir ki, alkoqol istehlakında artım var. Qanun layihəsi beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. Çünki alkoqollu içkilər sağlamlıqla və keyfiyyətlə bağlıdır”, - deyə deputat bildirib. 

Deputat Məşhur Məmmədov bazardakı digər məhsulların da qiymətinə diqqət çəkib: “Bu gün bazarda 3.80 manata sosiska satılır. Ətin qiyməti 20 manatdırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər. Mənə elə gəlir ki, bu qayda ət məhsullarına da tətbiq olunsa, yaxşı olar.

Böyük şirkətlər işçiyə əməkhaqqı verir, dövlətə vergi ödəyir. Qeyri-leqalda isə məhsulun qiyməti aşağı olduğuna görə maya dəyəri artır. Ona görə də bu qanunun əsas məqsədi qeyri-leqal, sexlərdə, zirzəmilərdə hazırlanan keyfiyyətsiz içkilərin satışnın qarşısını almaqdır. İkinci məqsəd isə təkcə istehlakçıların yox, istehsalçıların da invesitiya qoyuluşundakı xərclərinin zamanında bərpasıdır”. 

Onun sözlərinə görə, hər bir invesitisiyanın zamanında geri qayıtmağı vacibdir: “Biz deyirik ki, alkoqol istehsalı yüz min litrə qədər olsun. Bunun üçün böyük zavodlar tikilməlidir. 50 milyon manat vəsait qoyan investorla 50 min qoyan şəxs eyni məhsulu eyni qiymətə satır. Təkcə maya dəyərinin qiymətində əmlaka görə olan pay qat-qat baha olur. Ona görə də onlar ucuz sata bilmirlər. Keyfiyyətli məhsul istehsal edənlər maya dəyərinə satış etməyə çətinlik çəkirlər. Yəni bu qanunun əsas məqsədi keyfiyyətli məhsul istehsal etməkdir. Beləliklə, idxal da hədsiz artacaq”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ