Azərbaycanda Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilir.
Bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə də artırılır
Yeni layihə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Qatarların vaqonlarının pəncərələrindən zibil atanlar 500 manat cərimələnəcək
Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.
Hazırda stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir. Bu cərimənin məbləği 200 manata qaldırılır.
Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə də 200 manata qaldırılır.
Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq
Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Yeni layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə 10 dəfə artırılır
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə üç yüz manat məbləğində cərimə ediləcək.
Metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr 15 manatdan 200 manata qaldırılır
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə iki yüz manat məbləğində cərimə edilir.